REGİONLAR
Gənclərin düzgün karyera qurmaları üçün təlimlər keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının Gənclər Birliyinin təşkilati, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regional karyera mərkəzi” adlı layihəni yekunlaşdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə “Gəncə-2016” Avropa Gənclər Paytaxtı tədbirlər planına uyğun olaraq Gəncə şəhərində təşkil edilib. İki gün davam edən layihənin əsas məqsədi gənclərin düzgün karyera qurmalarına, təcrübə əldə etmək imkanlarına dair təlimlərin, müzakirələrin keçirilməsi olub.
Layihənin birinci günü tədbirin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, YAP Gəncə şəhər Gənclər Birliyinin sədri çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Layihənin ikinci günü “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyinin icra katibi Orxan Əlixanlı karyera ilə bağlı gənclərə bir sıra tövsiyələr verib, düzgün karyera planlaşdırmağın əsas amillərini qeyd edib. Ümumilikdə, tədbirdə 200-ə yaxın gənc iştirak edib.
Müxtəlif istiqamətlər üzrə aparılan karyera müzakirələrinin sonunda gənclərə müvafiq sertifikatlar, mövzu ilə bağlı kitabçalar və bukletlər təqdim edilib.