CƏMİYYƏT


Gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə Səbail rayonunda  peşəyönümü tədbiri keçirilib

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü tədbirləri Bakının Səbail rayonunda davam etdirilib. Rayondakı Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyində təşkil olunan tədbirdə liseyin 11-ci sinif şagirdləri, onların valideynləri, təhsil müəssisəsinin pedaqoji heyəti iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Bakının Səbail rayon Məşğulluq Mərkəzinin direktoru Fərəc Qasımzadə peşəyönümü tədbirlərinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsi həm əmək bazarında peşə və ixtisaslar üzrə işçi qüvvəsinə olan tələbatın dolğun şəkildə ödənilməsi, həm də gənclərin özlərinin gələcək məşğulluqlarının təmin olunması, uğurlu əmək fəaliyyəti üçün xüsusi önəm kəsb edir. Ona görə də gənclərin düzgün peşə seçiminin dəstəklənməsi dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Bununla bağlı olaraq, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, eləcə də rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət edən işaxtaran gənclər üçün peşəyönümü tədbirləri keçirilir. Gənclərin peşə seçimində onların valideynlərinin də rolu nəzərə alınaraq, peşəyönümü tədbirlərinə gənclərlə bərabər, onlar da cəlb edilir.

Tədbirdə Səbail rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri tərəfindən ölkəmizin iqtisadi inkişafına uyğun olaraq əmək bazarında baş verən proseslər barədə gənclərə, onların valideynlərinə ətraflı məlumatlar verilib, əmək bazarında peşə və ixtisaslara olan tələbat onların diqqətinə çatdırılıb. Bakı şəhəri üzrə məşğulluq orqanlarının elektron bazasında olan boş (vakant) iş yerləri, peşə hazırlığı və əlavə təhsil kursları, digər aktiv məşğulluq tədbirləri barədə də tədbir iştirakçıları məlumatlandırılıb. Gənclərə, eləcə də övladlarının gələcək peşə seçimini düzgün formalaşdırmaq üçün onların valideynlərinə müvafiq məsləhətlər və tövsiyələr verilib. Həmçinin onlara məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü, digər aktiv məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

Gənclər və onların valideynləri belə tədbirlərin əhəmiyyətli olduğunu bildirib, bu tədbir vasitəsilə mövcud əmək bazarında hansı peşə və ixtisaslara tələbatın olması barədə dolğun məlumat əldə etdiklərini, bu məlumatların, verilən məsləhət və tövsiyələrin onlar üçün faydalı olduğunu vurğulayıblar.

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən cari tədris ilinin sonunadək hər ay rayonun iki orta ümumtəhsil məktəbində peşəyönümü tədbirlərinin təşkil olunacağı bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü tədbirləri cari ilin yanvar-sentyabr aylarında 75 284 nəfər gənci əhatə edib. Onlardan əksər qismi orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olub. Həmçinin onların valideynlərinin də bu tədbirlərdə iştirakı təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.