MƏDƏNİYYƏT
Gənclərin forumu “Araşdır, qoru və təbliğ et!” devizi altında təşkil ediləcək
![Gənclərin forumu “Araşdır, qoru və təbliğ et!” devizi altında təşkil ediləcək](/files/2014/3/1200x630/14180468141427044866_1200x630.jpg)
Bakı, 8 dekabr, AZƏRTAC
Gələn il fevralın 1-2-də “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Gənclərin Birinci Beynəlxalq Mədəni İrs və Turizm Forumunu keçirəcək.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, forum “Araşdır, qoru və təbliğ et!” devizi altında təşkil ediləcək. Foruma mədəni irsin araşdırılması, qorunması və təbliği istiqamətində yeni ideyalarla çıxış etmək üçün müxtəlif ölkələrdən yaşı 35-ə qədər olan gənclər dəvət olunurlar.
Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər forumda məruzəçi kimi çıxış etmək üçün dəvət olunurlar. Tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən gənclərin iştirakı gözlənilir.
Forumda iştirak etmək üçün mədəni irs və turizm sahəsində yeni ideyalar, metodlar və konsepsiya, anlaşma ortaya qoyan, eləcə də uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər qəbul olunur. İşlərin xülasəsini göndərmək üçün miras.az saytındakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır.
Müraciətlər 2015-ci il yanvarın 8-dək göndərilməlidir. Qəbul olunan xülasələrin siyahısı yanvarın 22-dək açıqlanacaq.
Ətraflı məlumatı [email protected] elektron ünvanından və ya www.miras.az internet səhifəsindən əldə etmək olar.