İQTİSADİYYAT
Gənclərin gömrük sahəsindəki məqalələrinin yer alacağı jurnalın Bakıda çap olunması müzakirə olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Gənclər tərəfindən təqdim olunan məqalə və elmi araşdırmaların yer alacağı jurnalın təsis edilməsi və bu jurnalın Bakı şəhərində çap olunmasına dair fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fikir mübadiləsi Filippin Respublikasının paytaxtı Manila şəhərində keçirilən Dünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Devid Uiddouson arasında baş tutan görüş zamanı aparılıb.
Görüşdə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Devid Uiddouson Dövlət Gömrük Komitəsinin dəstəyi, Dövlət Gömrük Komitəsi Akademiyası və İNCU-nun Bakı ofisinin təşkilatçılığı ilə bu ilin iyun ayında Qəbələ şəhərində “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransının müvəffəqiyyətlə keçirilməsinə görə Aydın Əliyevə təşəkkürünü ifadə edib. İNCU prezidenti gömrük sahəsində ixtisaslaşacaq gənc mütəxəssislərin və tələbələrin məqalə və elmi araşdırmalarının təqdim olunduğu bu səpkili tədbirlərin keçirilməsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin təqdirəlayiq olduğunu bildirib, bu təcrübənin öyrənilərək gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Devid Uiddouson gələn il keçiriləcək konfransda iştirak edəcək mütəxəssislərin, alimlərin və tələbələrin siyahısının və konfransın proqramının tərtib olunmasında Azərbaycan Gömrük Xidmətinin dəstək göstərməsi təklifi ilə çıxış edib. Bundan başqa konfransda gənclər tərəfindən təqdim olunan məqalə və elmi araşdırmaların yer alacağı jurnalın təsis edilməsi və bu jurnalın Bakı şəhərində çap olunmasına dair fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın gömrük sahəsində çalışan kadrların potensialının gücləndirilməsi işinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan gömrük xidmətinin INCU-nun nail olmaq istədiyi təşəbbüslərin reallaşmasında, yəni gömrük peşəsinin akademik nüfuzunun təşviq edilməsində maraqlı olduğunu bildirən Aydın Əliyev beynəlxalq ticarətin elmi sahələrinə marağı olan tələbələrin bu sahədə beynəlxalq səviyyədə tanınmış professorlarla tanış olmalarına imkan verəcək tədbirləri məmnuniyyətlə dəstəkləyəcəklərini vurğulayıb.