REGİONLAR
Gənclərin kitaba marağını artırmaq məqsədilə yeni layihə reallaşdırılır
Gəncə, 7 oktyabr, AZƏRTAC
Gəncə şəhər mərkəzləşdirilmiş kitabxana sistemi şəhər təhsil idarəsi ilə birlikdə gənclərdə kitab mütaliəsinə marağı artırmaq məqsədilə yeni layihənin icrasına başlayıb. İlkin olaraq 5 orta məktəbdə mərkəzi kitabxananın fondunda olan kitabların sərgisi təşkil edilib. Kitablar arasında ən çox yeri vətənpərvərlik ruhunda yazılmış əsərlər tutur. Bir ay davam edəcək sərgidə şagirdlər bu kitabları oxumaq imkanı əldə edəcəklər. Sonda məktəblilərin daha çox maraq göstərdikləri kitabların müzakirəsi keçiriləcək.
Mərkəzi kitabxana sisteminin şöbə müdiri Gülnaz İsgəndərova AZƏRTAC-a deyib ki, hazırda məktəb kitabxanalarının fondu o qədər də zəngin deyil. Çox vaxt şagirdlər şəhər kitabxanasına da gəlmirlər. Layihənin həyata keçirilməsində əsas məqsəd məktəbliləri şəhər kitabxanasına cəlb etmək, onlarda kitab mütaliəsinə marağı artırmaqdır.