REGİONLAR
Gənclərin maarifləndirilməsi dini radikalizm və ekstremizmlə mübarizədə xüsusi önəm kəsb edir
İsmayıllı, 30 iyun, AZƏRTAC
Dini radikalizm və ekstremizm bu gün sürətlə yayılmaqda, bəşəriyyət üçün ciddi təhlükəyə çevrilməkdədir. Müəyyən siyasi məqsədlər üçün hesablanan bu meyillərin ən qorxulu məqamı isə gənclərin həmin proseslərə alət kimi cəlb olunmalarıdır. Belə bir şəraitdə bu gün gənclərin məlumatsızlığına və yanlış yönləndirilmələrinə qarşı maarifləndirmə işinin təşkili xüsusi önəm kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikir “İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirdiyi “Dini radikalizm və ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusundakı konfransda səsləndirilib.
Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazov, İsmayıllı “Cümə” məscidinin dini icma sədri Vasif Teymurov və başqaları dini radikalizm və onun fəsadları barədə ətraflı məlumat veriblər. Natiqlər dini radikalizm və ekstremizmlə mübarizədə gənclərin qüvvəsindən istifadənin zəruriliyini qeyd edib, ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək olduğunu, multikulturalizmin həyat tərzinə çevrildiyini diqqətə çatdırıblar.