İDMAN


Gənclərin sahibkarlıq proqramı çərçivəsində növbəti layihəyə yekun vurulub

Bakı, 1 iyul, Elşad Qəzvini, AZƏRTAC 

“Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən “Öz biznesinə başla!” mövzusunda silsilə təlimlərə iyulun 1-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində keçirilən tədbirdə gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin proqram direktoru Ələkbər Mustafayev təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, sahibkarlığın inkişafı gənclərin bu sektor üzrə bilik və məlumatlılıq dərəcəsindən, eləcə də bu sahəyə olan maraqdan asılıdır. “Youth Inc.” proqramı gəncləri sahibkarlıq fəaliyyətinə həvəsləndirməklə Azərbaycanda bu sektorun inkişafına xidmət edir.

Proqramın əlaqələndiricisi Müşfiq Həsənov layihə ilə bağlı təqdimatla çıxış edib. O, silsilə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Çıxışlardan sonra xüsusi meyarlar əsasında aparılan dəyərləndirmənin nəticələri açıqlanıb. İştirakçılar sertifikatla, layihə ərzində ən yaxşı nəticə göstərən iki multipleyer isə qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, bu ilin birinci yarımilini əhatə edən “Öz biznesinə başla!” proqramı çərçivəsində 12 ali təhsil ocağında, bir sıra gənclər təşkilatında, eləcə də bütün “ASAN xidmət” mərkəzlərində və digər qurumlarda 36 təlim keçirilib, 1500 gənc maarifləndirilib.

Təlimlərin məqsədi gənclərdə biznes ideyasının formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatlılığın artırılması olub.

Xatırladaq ki, “Youth Inc.” gənclərin sahibkarlıq proqramı “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, “Coca-Cola” şirkəti, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir.

Proqram çərçivəsində indiyədək 8 müxtəlif biznes layihə həyata keçirilib. Bu layihələr üzrə keçirilən seminarlarda ümumilikdə 5 minədək gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.