MƏDƏNİYYƏT


“Gənclərin təşəbbüsləri” qısametrajlı sosial filmlər festival-müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Bakı, 3 may (AzərTAc). Mayın 3-də Bakıdakı “Four seasons” mehmanxanasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılmış “Gənclərin təşəbbüsləri” qısametrajlı sosial filmlər festival-müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, festival-müsabiqə Azərbaycan Hökuməti və UNİCEF-in ölkəmizdəki nümayəndəliyi arasında əməkdaşlığın 20 illik yubileyinə həsr olunmuşdur.
Festival-müsabiqənin məqsədi gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini uşaq və gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdən ibarətdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev UNİCEF-in ölkəmizdə gənclər siyasəti istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirmiş, Azərbaycan hökuməti ilə UNİCEF-in sıx əməkdaşlığından danışmışdır.
Bildirmişdir ki, Azərbaycan Hökuməti və UNİCEF-in ölkəmizdəki nümayəndəliyi arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Gənclər və İdman Nazirliyi olaraq biz də bu yubileyi sosialyönümlü layihə ilə qeyd etmək qərarına gəldik.
Nazir müavini vurğulamışdır ki, UNİCEF ölkəmizdə gənclərin inkişafına yönəlmiş bir neçə layihə həyata keçirmişdir. Hər il nazirliyimiz ilə UNİCEF-in ölkəmizdəki nümayəndəliyi arasında əməkdaşlıq sazişi imzalanır, qarşıdakı prioritetlər və vəzifələr müəyyənləşdirilir. Hazırda respublikamızda 20 Gənclər evi fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 14 Gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin xətti ilə bir neçə Gənclər evinin rəhbəri Avropa ölkələrində olmuş və oradakı təcrübə ilə yaxından maraqlanmışlar.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ölkəmizdə həyata keçirdikləri layihələrdən danışmış və gənclərimizin yaradıcı və dinamik olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Dövlətin bu sahəyə böyük diqqət və qayğı ilə yanaşması çox sevindiricidir.
Qalibləri təbrik edən M.Herevard bundan sonra da gənclərin yeni ideya və layihələrini gerçəkləşdirməyə hazır olduqlarını diqqətə çatdırmışdır.
Sonra Azərbaycanda uşaq və gənclərin inkişafında və dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə görə M.Herevard xüsusi plakatla təltif olunmuşdur.
Festival-müsabiqə çərçivəsində hazırlanmış filmlər Gənclər və İdman Nazirliyi və UNİCEF-in fəaliyyət istiqamətlərinə uyğun mövzuları əhatə etmişdir. Festival-müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün müvafiq təşkilatların nümayəndələrindən ibarət münsiflər heyəti yaradılmışdır.
Mərasimdə festival-müsabiqənin qalibi, “Ağ ölüm” filminin müəllifi Röyal Adgözəlova diplom təqdim olunmuşdur.
Festival-müsabiqənin ikincisi Əlincə təşəbbüs qrupunun “Geri dönüş”, üçüncüsü isə Elmar Məmmədovun “Səadət” filmi olmuşdur.
Sonda hər üç film nümayiş etdirilmişdir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.