REGİONLAR
Gənclərin vətənpərvər ruhda yetişməsində sosial-mədəni mühitin təsiri böyükdür
Şamaxı, 23 may, AZƏRTAC
Şamaxıda Gənclər və İdman Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə həvəsləndirilməsi və hazırlığı məqsədilə mədəni-kütləvi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində təşkil olunan tədbirdə rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri, habelə rayonda yerləşən “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəni-kütləvi tədbirdə Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov və başqaları çıxış edərək, gənclərin vətənpərvər ruhda yetişməsində sosial-mədəni mühitin təsirlərindən danışıb, bu işdə təhsil müəssisələrinin böyük rolunu vurğulayıblar.
Sonra tədbir gənc müğənnilərin iştirakı ilə konsertlə davam etdirilib.
Tədbir iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Çağırışyaşlı gənclər üçün tövsiyə-yaddaş” adlı kitabça və bukletlər paylanılıb.