CƏMİYYƏT
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş növbəti tədbir keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Hazırda dövlət ailə siyasətinin əsas prioritetləri gənc nəslin milli-mənəvi ənənələr ruhunda tərbiyələndirilməsi, layiq milli kadrların hazırlanmasıdır. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, növbəti tədbir yanvarın 27-də Müdafiə Nazirliyi ilə birlikdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində keçirilib.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd ediblər ki, Azərbaycan gənclərinin tarixi-mədəni irsə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Bildirilib ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev bu məsələlərə xüsusi diqqət yetirirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər üçün böyük imkanlar yaradılır.
Çıxış edənlər xatırladıblar ki, hazırda Azərbaycan Ordusunun bölgənin ən qüdrətli ordusu olması, işğal altındakı torpaqları istənilən vaxt düşməndən təmizləməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu qeyd edilib. Vurğulanıb ki, aprel hadisələri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi.