REGİONLAR
“Gənclik” Xalq Teatrı Babək rayonunda “Şöhrət ardınca” komediyasını təqdim edib
Babək, 26 aprel, AZƏRTAC
Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Tofiq Həsənovun “Şöhrət ardınca” birpərdəli komediyasını Babək Rayon Mədəniyyət Evində rayon ictimaiyyətinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova çıxış edərək “Gənclik” Xalq Teatrının 1973-cü ildən Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başladığını bildirib. 1978-ci ildə kollektivə xalq teatrı statusu verilib. Teatrın səhnəsində müxtəlif illərdə maraqlı səhnə əsərləri oynanılıb. “Ezop”, “Bəxtsiz cavan”, “Ölülər”, “Kamança”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif” və başqa pyeslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatrın səhnəsində vaxtilə maraqlı obrazlar yaratmış aktyor və aktrisaların çoxu Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb və bu gün də teatr səhnəmizə öz töhfələrini verirlər.
Sonra “Şöhrət ardınca” tamaşası göstərilib. Kiçikhəcmli pyesdə sosializm quruluşu dövründə Azərbaycanda bir ictimai təsərrüfatdakı saxtakarlıqlardan bəhs olunur. Tamaşa sovet təsərrüfat sisteminin eybəcərliklərini, eyni zamanda, vəzifəsinin öhdəsindən gələ bilməyən təsərrüfat rəhbərlərinin şöhrət dalınca qaçmasını tənqid edir, maraqlı dialoqlar, gülüşdoğuran səhnələr tamaşaçılarda xoş ovqat yaradır. Komediyada saxtakarlıqla qazanılan şöhrətin aqibəti tamaşaçıya çatdırılır.
Səhnə əsərinin quruluşçu rejissoru Akif Əsədov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Günel Mustafayevadır.
Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.