MƏDƏNİYYƏT
Gəncliyə Yardım Fondunda “Xeyriyyə sərgisi” baş tutub
Bakı, 6 mart, Günel Əfəndiyeva, AZƏRTAC
Martın 6-da Gəncliyə Yardım Fondunun (GYF) təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilib. Ənənəvi olaraq qeyd edilən, Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XII əl işləri sərgisi 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ümidsizlərin ümidi ol!” layihəsi çərçivəsində planlaşdırılan xeyriyyə sərgisindən əldə olunan gəlir imkansız ailələrə təqdim ediləcək. Layihə çərçivəsində hər ay ehtiyacı olan 50 ailəyə ərzaq paketi paylanacaq, 50 universitet tələbəsinə təqaüd veriləcək və 50 xəstənin dərman ehtiyacları ödəniləcək.
Üç gün davam edəcək sərginin açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə Gəncliyə Yardım Fondu himayəçilər şurasının sədri Ahmet Tecim, Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları xalqımızın ta qədimdən əliaçıq və xeyriyyəçi olduğunu qeyd edərək bildiriblər ki, ehtiyac sahibi olan ailələri sevindirmək, dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə müəyyən yardımların edilməsi insanlıq və vətəndaşlıq borcudur.
Natiqlər Gəncliyə Yardım Fonduna belə işdə hər kəsi birliyə və həmrəyliyə dəvət etdiyi üçün təşəkkürlərini bildiriblər.