MƏDƏNİYYƏT
“Gəncliyin səsi” uğurlu oldu
Bakı, 27 may, Zərəngiz Mansurova, AZƏRTAC
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Gəncliyin səsi” adlı aşıq konserti keçirilib.
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, xalq şairi Zəlimxan Yaqubun rəhbərlik etdiyi bu qurum həmişə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. Təqdim olunan konsert qurumun 28 may - Respublika Gününə və iyun ayında keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına töhfəsidir. Konsert gənc aşıqların həm də yaradıcılıq imtahanıdır.
Rəhman Rasimoğlunun rəhbərlik etdiyi “Rasimlər” folklor qrupu, əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, ustad aşıq Əhliman Rəhimovun yetirmələri, əməkdar mədəniyyət işçisi Gülarə Azaflının “Çeşmə” qrupu, Sahib İsmiyevin “Buta” qrupu, gənc saz ifaçıları Pərviz Axundov, Namiq Fərhadoğlu, İlqar Qələmçəli, Şəhriyar Şahverdiyev və başqalarının çıxışları alqışlarla qarşılanıb.
Gənc amerikalı Marta Lauri və aşıq Mikayıl Azaflının nəvəsi Məshəti Cabbarlının çıxışı, xüsusilə də əcnəbi xanımın Azərbaycan dilində səlis danışması tamaşaçıların daha böyük rəğbətini qazanıb.
İstedadlı gənclərdən Elməddin Məmmədli və Şəhriyar Kərimovun ifa etdikləri “Baş müxəmməs”lə yekunlaşan konsert tamaşaçılarda xoş ovqat yaradıb.