CƏMİYYƏT
Gender əsaslı zorakılığa qarşı Milli Fəaliyyət Planının hazırlanması üzrə görüş keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Azərbaycanda işgüzar səfərdə olan BMT-nin eksperti Pramila Patten ilə görüşü keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri H.Hüseynova qonaqları salamlayaraq, Azərbaycan Hökumətinin BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ilə birgə mütəmadi olaraq, sosial inkişaf istiqamətində müxtəlif layihələr həyata keçirdiyini bildirib. Belə layihələrdən biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2016-cı ildən başlayaraq iki il müddətində icra edilən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsidir.
H.Hüseynova ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb. Komitə sədri zorakılıq hallarının qarşısının alınması, zorakılıq qurbanlarının reabilitasiyası, bu sahədə profilaktik işlərin aparılması, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsi haqqında məlumat verib. Komitə sədri qadın sahibkarlığının inkişafı məsələsinə də toxunaraq, regionlarda yaradılan Qadın Resurs Mərkəzləri haqqında danışıb.
Pramila Patten görüş üçün minnətdarlığını bildirərək qeyd edib ki, ölkəmizə səfərinin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək – Milli Əlaqələndirmə Şurasının yaradılması üzrə tövsiyələr hazırlamaqdır. O, Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə BMT Konvensiyası üzrə tövsiyələri diqqətə çatdırıb.
P.Patten bildirib ki, aprelin 20-21-də BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə təlimlər keçiriləcək.