REGİONLAR
General Mahmud Əbilova həsr olunan “Kiçik kəndin böyük generalı” adlı sənədli film hazırlanıb VİDEO
Xaçmaz, 30 aprel, AZƏRTAC
Xaçmazdan yayımlanan RTV telekanalı faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə “Kiçik kəndin böyük generalı” adlı sənədli film hazırlayıb.
AZƏRTAC xəbər verir ki, film Azərbaycanın görkəmli hərbi xadimi, Böyük Vətən müharibəsi illərində diviziya komandiri və general-mayor rütbəsinədək yüksəlmiş Mahmud Əbilova həsr edilib. Ekran əsərində Qusarın Uqur kəndində anadan olan Mahmud Əbdülrza oğlu Əbilovun uşaqlıq illəri, hərb həyatı, İkinci Dünya müharibəsində göstərdiyi şücaətlər və ölkəmizin hərb tarixindəki rolu təsvir olunub.
Filmin müəllifi AZƏRTAC-ın Quba-Xaçmaz bölgəsi üzrə müxbiri, eyni zamanda, RTV-nin Xəbərlər, Sosial İctimai Proqramlar departamentinin direktoru Elxan Yusifli, rejissoru isə Dəyanət Rzayevdir.
General Mahmud Əbilovun hərb yolunu əks etdirən sənədlər və məlumatlar əsasında hazırlanan filmdə qəhrəmanın həyatındakı bəzi anlar tamaşaçılara səhnələşdirilərək bədii formada təqdim olunur.
Bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışan Mahmud Əbilov Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri vəzifəsinə təyin olunub. O, müxtəlif qoşun birləşmələrinə komandanlq edərək Volxov, Şimal Qərb, II və III Belarus cəbhələrinin tərkibində alman faşist işğalçılarının darmadağın olunmasında fəal iştirak edib. General mayor Mahmud Əbilov döyüş xidmətlərinə görə 5 Qırmızı Bayraq, I dərəcəli Vətən müharibəsi, II dərəcəli Kutuzov, Suvorov, Boqdan Xmelnitski, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
“Kiçik kəndin böyük generalı” sənədli filmi mayın 9-da saat 18:00-da “Region TV”də yayımlanacaq.