MƏDƏNİYYƏT
General-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilmiş “Yüksəliş” sənədli filmi təqdim olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Yüksəliş” tammetrajlı sənədli filminin təqdimatı olub. Film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev filmin Azərbaycanın fəxri olan nadir şəxsiyyətlərdən birinə həsr olunduğunu bildirib. Qeyd edib ki, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına, müxtəlif ordenlərə layiq görülən Kərim Kərimov haqqında çəkilən bu film ilk dəfə geniş ictimaiyyətə təqdim edilir. Xronometrajı 52 dəqiqə olan film özündə bütöv bir insan həyatını əks etdirir. Filmdə 1945-ci ildən 2013-cü ilədək arxivlərdə saxlanılan nadir sənədlərdən istifadə edilməklə yanaşı, Kərim Kərimovun kosmos elminə töhfələri, ulu öndər Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsinə dair maraqlı kadrlar da yer alıb.
Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyevdir.
Təqdimat mərasimində Rusiya Elmlər Akademiyasının geologiya informasiya mərkəzinin direktoru, təyyarəçi-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Valentin Lebedev və tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova da iştirak ediblər.
Filmin məsləhətçisi akademik Arif Mehdiyev, moskvalı qonaqlar Valentin Lebedev və Natalya Korolyova Kərim Kərimovun həyat və yaradıcılığı, kosmonavtika elminə töhfələrindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, sadə və təvazökar insan olan Kərim Kərimov Azərbaycanı çox sevirdi və Moskvadakı Azərbaycan diasporu ilə əlaqələrini kəsmirdi. O, hər zaman elmə sədaqətlə xidmət edir, yorulmadan çalışırdı. Uçuşlar, müzakirələr və elmi axtarışlardan usanmayan alim dostlarına da vaxt ayırır və hər kəsin problemi ilə maraqlanırdı.
Təqdimatda çıxış edən filmin rejissoru xalq artisti Vasif Babayev sənədli filmin ərsəyə gəlməsi, çəkiliş prosesi barədə fikirlərini bölüşüb. O, həmçinin 1970-1980-ci illərdə Kərim Kərimovla tanışlığı və görkəmli insan haqqında çəkdiyi ilk sənədli filmin tarixçəsi ilə bağlı xatirələrini də danışıb.
Film bir neçə dövrü əhatə edir və müxtəlif illərdə lentə alınmış hadisələri birləşdirir. Filmin çəkilişləri Moskvada, Bakıda və Baykonurda aparılıb.
Ekran əsərinin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.