SİYASƏT


General-leytenant Yaşar Aydəmirov: Ordumuza radikal qurumların ideoloji təsiri barədə fikirlər cəfəngiyatdır

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələrində Türkiyə ordusunda baş verən son hadisələri Azərbaycan hərbçiləri ilə əlaqələndirməyə çalışmaq cəhdləri tamamilə cəfəngiyatdır.

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-ın sorğusuna cavabında deyib.

Y.Aydəmirov bildirib ki, bu və ya digər radikal cərəyanların fəaliyyətinin Silahlı Qüvvələrimizə ideoloji təsir göstərməsi barədə deyilənlər əsassızdır. Şəxsi heyət arasında aparılan işin nəticəsində bunun üçün heç bir zəmin yoxdur. Bu məsələlər Ali Baş Komandanın və Müdafiə Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altındadır.

“Azadlıq” qəzetinin politoloq Elxan Şahinoğluna istinadən səsləndirdiyi iddiaların əksinə olaraq, əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrdə aparılan ideoloji təbliğat işi, dövlətə, xalqa, Vətənə və Hərbi anda sadiqlik ənənələri Silahlı Qüvvələrimizi xarici və daxili radikal ideoloji təsirlərdən hərtərəfli qorumağa imkan verir.

Türkiyəli hərbi müəllimlər, təlimatçılar və mütəxəssislər isə hələ 2000-ci illərdən ordumuzda çalışmır və fəaliyyət göstərmirlər.

İstefada olan general-leytenant bildirib: “Türkiyədə və digər dövlətlərdə təhsil alan hərbi qulluqçularla həmin ölkələrdəki hərbi attaşelər, səfirliklərimiz vasitəsilə daim əlaqə saxlanılır və onların təhsilləri nəzarətdədir. Bu səbəbdən də azərbaycanlı hərbçilərin Türkiyədə baş verən son hadisələrdə iştirakının hallandırılması, sosial şəbəkələrdə və saytlarda müzakirə obyektinə çevrilməsi cəhdlərinin heç bir əsası yoxdur.

Məncə, bu kimi fikirlərin səsləndirilməsi Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də hər iki ölkənin maraqlarına uyğun olaraq inkişaf edən hərbi əməkdaşlığa xələl gətirmək məqsədi güdənlərin cəhdləridir. İnanıram ki, istənilən bu tip cəhdlərin, müdaxilənin qarşısı Azərbaycan və Türkiyə tərəfindən qətiyyətlə alınacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.