ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutu nəzdində Milli Genbankın məlumat bazası infrastrukturu yenilənir
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) genetik ehtiyatlar bölməsinin aparıcı mütəxəssisi Məhəmməd Favzi Navar və bitki genetik ehtiyatlarının sənədləşdirilməsi üzrə tanınmış mütəxəssis, polşalı alim Yan Konopka ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Etimad Fondunun dəstəyi ilə keçirilib. Məqsəd Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi və Milli Genbankın məlumat bazası infrastrukturunun yenilənməsi, fond tərəfindən instituta hədiyyə edilmiş yüksək keyfiyyətli işçi kompüter serverin işə salınması, ICARDA tərəfindən müasir tələblərə cavab verən informasiya sisteminin təqdimatı olub.
Altıgünlük səfər müddətində qonaqlar institutun beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin baş mütəxəssisi İlhamə Mirzəliyeva ilə birlikdə Milli Genbankın məlumat bazasının daha da təkmilləşdirilməsi və yeni yaradılmış sistemə qoşulması üçün xeyli işlər görüblər. Məlumatların yeni sistemə köçürülməsi prosesinə artıq başlanılıb. Bu, Milli Genbankın məlumat bazasının müasir informasiya texnologiyaları vasitəsilə daha da inkişaf etdirilməsi və dünya şəbəkələrinə inteqrasiyası üçün geniş imkan yaradır.
ICARDA tərəfindən institutun Milli Genbankına tarla bitkilərinin səciyyələndirmə məlumatlarını aparmaq üçün xüsusi tablet, barkod printeri və skaneri hədiyyə edilib.