ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun doktorantı Türkiyədə seminarda iştirak edib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Mehdiyeva Türkiyənin Antalya şəhərində “Bitkilərin yaxşılaşdırılmasında ən son texnologiyalar” mövzusunda keçirilən seminarda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminara müxtəlif ölkələrdən 240-dək tədqiqatçı qatılıb.
Seminar bitkilərin yaxşılaşdırılmasında ən son texnologiyaların tətbiqinə aid məlumatları işıqlandırmaqla yanaşı, təcrübəli və gənc tədqiqatçıları bir araya gətirərək bilik və bacarıq mübadiləsinin aparılmasına imkan yaradıb.
Beş gün davam edən seminarda assosiativ xəritələmə, genomun redaktəsi, genomun sekvenslənməsi, axıcı sitometriya və digər mövzular üzrə məruzələr dinlənilib. Eyni zamanda, gələcəkdə müştərək layihələrin icrası üçün əməkdaşlıq əlaqələri qurulub.