ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı İtaliyada elmi ezamiyyətdə olub
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, genetik modifikasiya olunmuş bitkilər (GMO) üzrə ekspert şurasının üzvü, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov İtaliyada üçgünlük elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alim Avropa Şurasının Birgə Tədqiqatlar Mərkəzi (JRC) nəzdində Avropa İttifaqı geni dəyişdirilmiş qida və yemlər üzrə istinad laboratoriyasının dəvəti ilə İtaliyanın Varese şəhərində GMO analizlərinin şəbəkələşməsi üzrə ikinci beynəlxalq seminarda Azərbaycanı təmsil edib. Tədbirə 20-dən çox ölkədən GMO üzrə laboratoriyaların mütəxəssisləri, alim və tədqiqatçılar qatılıblar.
2013-cü ildə təşkil olunmuş birinci tədbirin davamı olaraq keçirilən GMO analizlərinin şəbəkələşməsi üzrə ikinci beynəlxalq seminarda yol xəritəsinin dəqiqləşdirilməsi və genişləndirilməsi, GMO analizlərinin elmi-texniki aspektləri üzrə qlobal dialoqların təcrübə mübadiləsi və yaxşı təcrübə yolu ilə modelləşdirilməsi, GMO analizləri üzrə gələcək şəbəkələşmənin və qlobal harmonizasiyanın artırılması üzrə fəaliyyətlər müzakirə olunub.
A.Məmmədov Azərbaycanın da bu qlobal şəbəkəyə qoşulmasına nail olub. Gələcəkdə Avropa Komissiyasının xətti ilə GMO sınaqları üzrə yerli təlim və seminarların keçirilməsi nəzərdə tutulub.
A.Məmmədov seminar çərçivəsində Milan şəhərində təşkil olunmuş beynəlxalq “EXPO 2015” sərgisində də iştirak edib, Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan və digər ölkələrin pavilyonları ilə tanış olub.
Gənc tədqiqatçı seminarda fəal iştirakına görə sertifikata layiq görülüb.