ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı beynəlxalq kursda iştirak edib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu direktorunun elmi işlər üzrə müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Misir Ərəb Respublikasında elmi ezamiyyətdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, 14 günlük ezamiyyət müddətində azərbaycanlı alim Qahirə şəhərindəki Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutunda molekulyar seleksiya ilə bitkilərin yaxşılaşdırılması üzrə nəzəri və praktiki kursda iştirak edib.
On bir ölkədən 20 gənc tədqiqatçının iştirak etdiyi təlim kursu İtaliyanın Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi (İCGEB), Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutu (AGERİ), Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA) və Almaniyanın Kiel Universitetinin Bitki Seleksiyası İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Kursda molekulyar markerlər, onların növləri, marker əsaslı seleksiya, Yeni Nəsil Sekvenserlərin iş prinsipi, genom seleksiyası, biomüxtəlifliyin qiymətləndirilməsi, Genetik Modifikasiya olunmuş Orqanizmlərin (GMO) alınması və təyini yolları mövzuları üzrə mühazirələr dinlənilib, məşğələlər keçirilib. Məşğələlər zamanı molekulyar markerlərin müxtəlif növlərinin iş prinsipi, GMO alınması və təyini, genomun oxunması, tək nukleotid polimorfizminin müəyyənləşdirilməsi, eləcə də asossiativ və genetik xəritələmə üzrə kompyuter proqramları mənimsənilib.
Səfər çərçivəsində, həmçinin İCGEB, AGERİ, İCARDA və Kiel Universiteti ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, yaxın gələcəkdə Azərbaycanda aqrar biotexnologiya, genomika və molekulyar seleksiya üzrə təlim kurslarının təşkili, beynəlxalq layihələrdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
M.Abbasov kursu müvəffəqiyyətlə başa vuraraq beynəlxalq sertifikata layiq görülüb.