ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Polşada Beynəlxalq tədqiqat proqramında iştirak ediblər
Tədbir Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus Mundus ALRAKİS II” fəaliyyət proqramı çərçivəsində reallaşıb.
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, S.Şərifova fərdi tədqiqat planına uyğun olaraq doktor Hanna Bolibok Bragoszevskanın rəhbərliyi ilə müvafiq elmi metodikaları mənimsəyib, çovdarın “DArT” sekvenslərində SSR motivlərin axtarılması və onların amplifikasiyası üçün müvafiq praymerlərin dizaynı üzrə tədqiqat işi apararaq yaxşı nəticələr əldə edib. Alim, həmçinin polimorf markerlərin müəyyənləşdirilməsi kimi müxtəlif molekulyar metodlara, bioinformatika proqramlarının istifadəsi sahəsində bilik və vərdişlərə yiyələnib.
C.Mürsəlova dissertasiya işinin planına müvafiq olaraq professor Monika Rakoczy Trojanovskanın rəhbərliyi ilə bir sıra müasir metodikaları mənimsəyib, müxtəlif mənşəli yumşaq buğda nümunələrində genetik müxtəlifliyin SSR markerlərlə qiymətləndirilməsi, TdicDRF1 transkripsiya faktorunu kodlaşdıran genin gen-spesifik praymerlərlə amplifikasiyası və sekvens olunmuş gen fraqmentində SNP-lərin (tək nukleotid polimorfizmi) müəyyənləşdirilməsi sahəsində tədqiqat işləri aparıb.
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları tədqiqat və təlim proqramını müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülüblər.