CƏMİYYƏT
Genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadənin qadağan edilməsi ilə əlaqədar müxtəlif növ məhsullar yoxlanılıb
Bakı, 30 iyul, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laborator müayinə üçün komitənin Təcrübə - Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, bu nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflili südlü şokolad məhsullarıdır. Artıq dörd adda düyü, iki adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülmüş nümunələrin sınaqları başa çatıb.
Sınağın nəticələrinə əsasən adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların yoxlanması isə davam edir. Bu sınaq nəticələri barədə məlumatlar davamlı olaraq ictimaiyyətə açıqlanacaq.
Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.