CƏMİYYƏT
Geni modifikasiya olunmuş məhsullarla bağlı maarifləndirmə kampaniyasına ehtiyac var
Bakı, 5 may, AZƏRTAC
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetində “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə çərçivəsində “Geni modifikasiya olunmuş məhsullara qəti olaraq yox deyək” mövzusunda təlim keçirib.
AZƏRTAC xəbər verir ki, təlimdə layihə rəhbəri M.Əliyev geni dəyişdirilmiş məhsullar barədə məlumat verib. Bildirib ki, ölkəmizdə GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var.
Azərbaycan Turizm və Menecment Universitetinin dekanı S.Vəzirova qeyd edib ki, “Toxumçuluq haqqında” qanuna əsasən ölkəmizə GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır.
Könüllü təlimçi Q.Ağalarova bildirib ki, ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 faizi genetik modifikasiyalı tərkibə malikdir. Əhalisinin qida mənşəli sağlamlıq problemləri ilə ən çox üzləşdiyi ölkənin də məhz ABŞ olması bu iki xüsusiyyət arasında əlaqənin mövcudluğu ilə bağlı ehtimallar yaradır. Bundan əlavə, GMO məhsulları bəzi hallarda hətta ölümlə nəticələnir.
Tədbirdə çıxış edənlər belə tədbirlərin əhəmiyyətindən və bu proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyindən danışıblar.
Mövzuya aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub, suallar cavablandırılıb, GMO məhsulları haqqında maarifləndirici bukletlər paylanılıb.