REGİONLAR


Gennadi Axramoviç: Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq

A+ A

Naxçıvan, 13 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı ilə tanışlığım zamanı məlumat verildi ki, aparılan düzgün iqtisadi siyasət nəticəsində muxtar respublika özünü ərzaq məhsulları ilə tam təmin edir. Azərbaycan dövlətinin bu nailiyyəti insanı heyrətləndirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasına üçgünlük səfər edən Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç deyib.

Diplomat qeyd edib ki, biz bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsinin tərəfdarıyıq. Görüşlər zamanı Belarus Respublikasının qəhrəman Brest şəhəri ilə Naxçıvan şəhəri arasında əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr apardıq. 2012-ci ildə Naxçıvan və Brest şəhərləri arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında saziş imzalanıb, bu iki şəhər qardaş şəhərlər elan olunub. İstəyirik ki, bu əməkdaşlıq yeni məcrada dinamik şəkildə inkişaf etsin. Gələcəkdə Belarus Respublikasının regionları ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələrin qurulmasında səylərimizi əsirgəməyəcəyik.

Naxçıvanın tikinti materialları istehsal edən müəssisələri ilə tanış olduğunu bildirən diplomat qeyd edib ki, xüsusilə daş məhsullarının yüksək səviyyədə emal edilməsi, məhsulların çeşidliliyi və keyfiyyəti diqqətini cəlb edib: “Bizim bu məhsullara çox ehtiyacımız var. Çünki bu gün Belarus Respublikasında tikinti işləri geniş vüsət alıb, bir sıra obyektlər inşa olunur. Biz istərdik ki, Naxçıvanın daş məhsullarından həmin tikintilərdə istifadə edək. Bir sözlə, Naxçıvanda istehsal olunan məhsulların Belarusa ixracında maraqlıyıq”.

Gennadi Axramoviç bildirib ki, Duzdağ Fizioterapiya Mərkəzində də olub, duz tuneli və duz qayalarına baxıb, burada müxtəlif ağciyər xəstəliklərinin müalicə olunduğunu öyrənib. O deyib: “Bu istiqamətdə də Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasında səhiyyə turizmi sahəsində əlaqələrin genişləndirilməsini vacib hesab edirəm. Bu əlaqələrin çox böyük perspektivi olduğunu düşünürəm”.

Diplomat vurğulayıb ki, əməkdaşlığın genişləndirilməsi istiqamətində başqa planlar da var. Lakin onların həyata keçməsi üçün bundan sonra görüşlərin davam etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələrin aparılması vacibdir. Önümüzdəki aylarda bu istiqamətdə konkret addımlar atılacaq. “Əsas odur ki, əlaqələrin inkişaf etdirilməsi məsələsində hər iki tərəf həmfikirdir. Bu mənada, mən muxtar respublikaya səfərimdən çox razıyam. Səfərim gözlədiyimdən də yaxşı nəticə verdi”, - deyə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.