İQTİSADİYYAT
Gennadi Zubko: Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var
Bakı, 1 iyul, AZƏRTAC
Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubko söyləyib.
O, Hökumətlərarası Komissiyanın Bakıda keçirilən XI iclasını ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafı üçün çox əhəmiyyətli adlandıraraq deyib: “Biz “Ölkələrimiz arasında idxal-ixrac dövriyyəsini necə genişləndirməli?” kimi sadə bir suala cavab verəcək marşrut xəritəsini müəyyən etdik. Ölkələrimizin böyük potensialı var. Komissiyanın iclasında müəyyən olunan dörd istiqamət – nəqliyyat, energetika, aqrar-sənaye kompleksi və maşınqayırma ölkələrimiz arasında münasibətləri inkişaf etdirməyə qadir olan potensialdır”.
Mədəni əlaqələrin inkişaf etdirilməsini ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin başlıca istiqaməti hesab edən Gennadi Zubko deyib: “Mədəniyyət hər hansı qarşılıqlı iqtisadi münasibətlərin əsasıdır. Uzun onilliklər boyu ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri mövcud olub. Yetərincə dərin və möhkəm olan bu münasibətlər iqtisadi əlaqələrin möhkəmlənməsi işində irəliləməyimizə kömək edəcək”.
Ukrayna Baş nazirinin müavini komissiyanın iclasının yekunlarından danışarkən bir neçə kəlmə də Azərbaycan paytaxtı barədə deyib: “Bakı həmişə ruhlandırır. Biz burada böyük inkişaf görürük. Bakıda gənclər çoxdur. Düşünürəm ki, gənclər ölkələrimiz arasında münasibətlərin gələcək inkişafında böyük rol oynamalıdırlar. Bizim yaxşı perspektivimiz var. Nəzərdə tutduqlarımızı həyata keçirmək üçün birlikdə işləməliyik”.