ELM VƏ TƏHSİL
“Genomika: problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Noyabrın 14-15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda “Genomika: problemlər və perspektivlər” mövzusunda respublika konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda genetik ehtiyatların ən müasir texnologiyalar əsasında öyrənilməsi və mühafizəsi, seleksiya və digər bitki tədqiqatlarında səmərəli istifadəsi üzrə son illərdə respublikamızda aparılmış nəzəri və praktik tədqiqatların mühüm nəticələri və perspektivləri müzakirə olunacaq.
Tədbirin plenar və seksiya iclaslarında məruzələr dinləniləcək, posterlər nümayiş etdiriləcək. Məruzələrin tezisləri və məqalələrin tam mətnləri oktyabrın 15-dək konfransın təşkilat komitəsinə təqdim olunmalıdır. Məruzələrin tezisləri konfransın materialları toplusunda dərc ediləcək. Təşkilat komitəsi tərəfindən seçilən plenar məruzələrin tam mətnləri isə institutun Elmi Əsərlərində çap olunacaq.
Konfransın işi “Biotexnologiya və genomika”, “Mədəni bitkilərin və onların yabanı əcdadlarının molekulyar-genetik tədqiqi”, “Seleksiyanın müasir metodları, molekulyar, genom, xromosom seleksiyası”, Genetik ehtiyatların tədqiqində informasiya texnologiyaları, bioinformatika”, “Genetik ehtiyatların müasir mühafizə strategiyaları, toxuma kulturası, in-vitro, in-vivo”, “Kənd təsərrüfatı heyvanlarının molekulyar-genetik tədqiqi” bölmələri üzrə təşkil olunacaq.