ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutu “AzerGold” QSC ilə əməkdaşlıq edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) idarə heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə bu görüşün hər iki qurumun fəaliyyəti üçün səmərəli olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Azərbaycan alimləri institutda neft sənayesi, filiz və əlvan metallar geologiyası sahəsində mühüm nailiyyətlərə imza atıblar. A.Əlizadə bu gün geologiya elminin müasir tələblərə uyğun inkişafı üçün texnoloji istiqamətlərdə araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.
AMEA-da magistratura təhsili ilə bağlı məlumat verən akademik burada təhsil alan tələbələrin elmlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edilib ki, hazırda AMEA-da yeni elmi istiqamətlər araşdırılır, gənc kadrların elmə cəlb edilməsi üçün mühüm tədbirlər həyata keçirilir.
Z.İbrahimov təmsil etdiyi şirkət barədə məlumat verib. O deyib ki, ölkədə əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi şirkətin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə ölkədə uzun illər ərzində aparılan araşdırmaların nəticələrini və həmin nəticələrin yeni texnologiyalar vasitəsilə tətbiqini öyrənmək də “AzerGold”un hədəflərindəndir.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində hələ işlənməmiş yataqlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanmalı, bu yataqların istismarı prosesinə beynəlxalq mütəxəssislərlə yanaşı, yerli mütəxəssislər də cəlb olunmalıdırlar.
Görüşdə, həmçinin iki qurum arasında təcrübə və kadr mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, konfrans və simpoziumların təşkili istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
Sonda GGİ ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.