ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutu kadr potensialını inkişaf etdirir
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi işçi, doktorant, dissertant və magistratlar üçün rus və ingilis dilləri üzrə tədris kursları, həmçinin elmin ən son nailiyyətləri barədə mühazirələr təşkil olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu ilin fevralında imzaladığı müvafiq sərəncamdan irəli gələn bu işlər institutun elmi kadr potensialını inkişaf etdirmək məqsədi daşıyır.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, xarici dil kursları üç müxtəlif səviyyədən ibarətdir və nəticəsi üç aydan bir keçirilməsi nəzərdə tutulan imtahanlarla yoxlanılacaq. Yay məzuniyyətlərindən sonra, sentyabrda kursların ikinci səviyyəsi başlanacaq. Hər səviyyənin sonunda iştirakçılara sertifikatlar veriləcək.
Silsilə mühazirələrin keçirilməsi gənc alim və mütəxəssislərin elmi dünyagörüşünün genişləndirilməsinə, xarici dil biliklərinin yüksəldilməsinə xidmət edir. Bu məqsədlə ilk seminar “Müasir riyazi statistik üsulların geoloji-geofiziki tədqiqatlarda tətbiqi” mövzusu üzrə təşkil edilib. GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə keçirilən tədbirdə AMEA-nın müxbir üzvü Qərib Calalov geniş məruzə ilə çıxış edib, gənclərin suallarını cavablandırıb.
Bu cür mühazirələrin şuranın seminarlarında davam etdiriləcəyi qeyd olunub.