ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunda bu il başa çatmış tədqiqatların yekunları barədə məlumat verilib
![](/files/galleryphoto/2016/3/1200x630/14806973846449354654_1200x630.jpg)
![](/files/galleryphoto/2016/3/1200x630/1480697384601230671_1200x630.jpg)
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) 2016-cı ildə başa çatmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın müxbir üzvü Elmira Əliyevanın “Qərbi Azərbaycanda maykop çöküntülərində şistli karbohidrogenlərin perspektivliyi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə AMEA prezidentinin sərəncamları, rəyasət heyətinin qərarlarının icrası, “Yataqlarda süzülmə prosesləri zamanı yaranan termodinamik effektləri nəzərə almaqla termohidrodinamiki modelləşdirilmə üsullarının təkmilləşdirilməsi” və “Süxurların deformasiyasının mürəkkəb modellərini nəzərə almaqla neft yataqlarının işlənilməsinin hesablama üsullarının və iqtisadi məsələlərin tədqiqinin inkişafı” mövzuları üzrə araşdırmaların yekunları müzakirə edilib.
Sonra CTBTO-nun milli məlumat mərkəzində aparılan, GGİ alimlərinin Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunda çalışan həmkarları ilə birgə həyata keçirilən işlərin gedişatı haqqında çıxışlar dinlənilib.
İclasda geodinamika və seysmologiya şöbəsinin müasir geodinamika və kosmik geodeziya şöbəsi adlandırılması, mühəndisi geofizika, seysmologiya və seysmik təhlükə şöbələrinin yaradılması təklif edilib.
Tədbirdə AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılması və bununla bağlı irəli gələn vəzifələr, institutun redaksiya-nəşriyyat fəaliyyəti və digər məsələlər haqqında müzakirələr aparılıb.