ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunun elmi-texniki bazası zənginləşdirilir
İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin analitik cihaz və avadanlığından kollektiv istifadə mərkəzinə “Universal S8 tiger” rentgenspektrometri, “JEOL MS 6610LV” skaynerli elektron mikroskopu, “Rigaku Miniflex 600” rentgendifraktometri, “Agilent technologies 200 series AA” atom absorbsiyası və “Agilent technologies 7700 e İCP-MS” analizatorları alınıb.
Mərkəzin rəhbəri Nazim Sadıqov bildirir ki, bu avadanlıqlar mineral xammal, süxur, filiz, metal və ərintilərin, həmçinin torpaq, dib çöküntüləri, sement, şüşə və daşların tərkibində mikroelementləri müəyyən edə bilir. Eyni zamanda, onların vasitəsilə istənilən qeyri-üzvi bərk və maye maddələrin, içməli və texniki suların kimyəvi tərkibini, o cümlədən neft və neft məhsullarındakı metalların mikrokomponentlərini təyin etmək mümkündür.
Qeyd edilən elmi-texniki vəsaitlər ABŞ, Almaniya və Yaponiyada istehsal olunub. Bu cihazlarla analizlərin aparılması zamanı metodik göstəricilər və təlimatlardan istifadə edilir. Analizlərin nəticələrinin düzgünlüyü isə Rusiya, Almaniya və Yaponiyadan alınmış xüsusi dövlət standartları ilə yoxlanılır.