ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunun son tədqiqatları neft yataqlarının axtarışı probleminə həsr edilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib.
GGİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda institutun çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin əməkdaşı, geologiya üzrə fəlsəfə doktoru Şahvələd Köçərli və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şıxəliyev tərəfindən hazırlanmış “Miosen çöküntülərində neft axtarışları ilə əlaqədar məhsuldar qat və altdakı komplekslər arasında struktur əlaqə haqqında” mövzusunda məruzə dinlənilib. Ş.Köçərli bildirib ki, aparılmış tədqiqatlar Azərbaycan neft təsərrüfatının aktual məsələsinə miosen-oliqosen çöküntülərində neft yataqlarının axtarışı probleminə həsr edilib. Son illərin seysmik məlumatlarına əsaslanaraq miosen çöküntüləri üzrə perspektivli zonalar ayrılıb, Ceyrankeçməz depressiyasında, Abşeron yarımadasında və müvafiq dəniz akvatoriyalarında əsasən sakit, irsi və ya uyumlu struktur modelin mövcudluğu sübut edilib və bunun gələcək kəşfiyyat işlərində nəzərə alınması tövsiyə olunub.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra elmi şuranın qərarı ilə qəbul edilib.
Sonra elmi-təşkilati məsələlər müzakirə olunub. Azərbaycanda radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramının yerinə yetirilməsinin gedişatı və “Cənubi Xəzərin sualtı palçıq vulkanlarının qaz-hidratları” mövzusu üzrə magistr dissertasiya işinin müdafiəsi haqqında çıxışlar olub.