ELM VƏ TƏHSİL
Geomexanika üzrə növbəti seminar
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda layihənin rəhbəri, akademik Hətəm Quliyev “Deformasiyaya uğramış geoloji mühitlərin elastiki parametrləri haqqında” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, təzyiqin, boyuna və eninə elastiki dalğaların yayılma sürətlərinin sıxılma deformasiyasına uğrayan bircins bərk cisimlərdə dəyişməsi öyrənilib. Deformasiya proseslərinin müxtəlif elastiki potensiallarla ifadə olunduğu hallarda kiçik və böyük deformasiya vəziyyətlərinə baxılıb. Deformasiyaya uğramış izotrop mühitlərdə göstərilən parametrlərin hesablanması üçün qeyri-klassik xətti və qeyri-xətti həllər çərçivəsində analitik ifadələr alınıb. Müxtəlif mühitlərin hərtərəfli sıxılma deformasiya vəziyyətlərində konkret ədədi hesablamalar aparılıb. Qeyd olunub ki, alınmış nəticələr Yerin daxili strukturlarında elastiki parametrlərin paylanma məsələlərinin müasir nəzəri əsaslarını təşkil etdiyindən böyük əhəmiyyətə malikdir.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.