İQTİSADİYYAT
Georgi Kvirikaşvili: BTQ layihəsi ölkələrimiz arasında qonşuluq, dostluq və ticarət əlaqələrinin güclənməsinə öz töhfəsini verəcəkdir VİDEO
Bakı, 24 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji önəmi olan layihədir. Bu dəmir yolu ölkələrimiz arasında qonşuluq, dostluq və ticarət əlaqələrinin güclənməsinə öz töhfəsini verəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə müsahibəsində bildirmişdir.
BTQ layihəsinin perspektivindən danışan G.Kvirikaşvili demişdir: Artıq Mərkəzi Asiya ölkələri və Çin bu dəmir yoluna maraq göstərirlər. Düşünürəm ki, digər ölkələr də ondan istifadə edəcəklər. Dəmir yolunun keçdiyi marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı yaranan problemlər artıq həllini tapmışdır. Gürcüstan işlərin vaxtında başa çatdırılması üçün bütün lazımi səyləri göstərəcəkdir. Ümumiyyətlə, dəmir yolunun 2015-ci ildə tam işə salınması planlaşdırılır.