İQTİSADİYYAT
Georgi Poltavçenko: Azərbaycana səfərimiz səmərəli oldu, konkret razılaşmalar əldə edildi
Bakı, 3 oktyabr, AZƏRTAC
“Azərbaycana səfərimiz səmərəli oldu, konkret razılaşmalar əldə edildi”.
AZƏRTAC “Nevskiye novosti” informasiya portalına istinadla xəbər verir ki, Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko bu sözləri onun başçılıq etdiyi rəsmi nümayəndə heyətinin Bakıya səfərinə yekun vuraraq söyləyib.
Qubernator vurğulayıb ki, ərzaq məhsulları ilə təchizatın genişləndirilməsi bu işgüzar missiyanın əsas mövzularından biri olub. Georgi Poltavçenko bildirib ki, bir sıra ticarət şəbəkələri Azərbaycandan Peterburqa keyfiyyətli kənd təsərrüfatı məhsulları satışının artırılması barədə müqavilələr imzalayıblar. Bundan əlavə, Azərbaycanda əczaçılıq məhsulları və tibbi avadanlıq istehsalının təşkili üçün Peterburq sənayesinin imkanlarından istifadə olunması məsələsi müzakirə edilib. Qubernator deyib: “Biz gələcək əməkdaşlığın konkret istiqamətləri barədə söhbət etdik. Əvvəlcə dərman preparatları satışından başlayacağıq, gələcəkdə isə ola bilsin ki, bizim əczaçılıq klasterinin iştirakı ilə Azərbaycanda əczaçılıq məhsulları istehsalı üzrə birgə layihələr həyata keçirəcəyik”.
O daha sonra qeyd edib ki, səfər müddətində başqa istiqamətlər üzrə bir sıra razılaşmalar əldə edilib. Məsələn, Sankt-Peterburq ilə Azərbaycan arasında turist axınlarının genişləndirilməsindən söhbət gedir. Azərbaycanda işləyən rus dili müəllimlərinin və həkimlərin yenidən hazırlanması üçün Sankt-Peterburqun təhsil potensialından istifadə etməyin mümkünlüyü məsələsi də müzakirə olunub.
Georgi Poltavçenkonun sözlərinə görə abadlaşdırma, yaşıllıq zonalarının və ictimai məkanların yaradılması sahəsində Bakının təcrübəsi Peterburq üçün maraqlıdır. Qubernatorun tapşırığına əsasən, peterburqlu mütəxəssislər azərbaycanlı həmkarlarının təcrübəsini öyrənmək üçün Bakıya göndəriləcəklər. Qubernator deyib: “Əminəm ki, bizim aramızda qarşılıqlı sərfəli və yaxşı perspektivli mehriban münasibətlər bundan sonra daha da möhkəmlənəcək”.