SİYASƏT
Getulio Vargas Fondunun professoru Braziliya Deputatlar Palatasının sədrinin Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb
Bakı, 11 noyabr, AZƏRTAC
Braziliyada nüfuzlu ali təhsil ocağı və tədqiqat mərkəzi olan Getulio Vargas Fondunun professoru, siyasi təhlilçi Monik Soçaşevski “Huffpost Brazil” internet portalında Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb (bax: Monique Sochaczewski. Rodrigo Maia e a ignorância sobre o Azerbaijão / ''Brasilpost.com.br'', 31 oktyabr 2016).
M.Soçaşevski Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsinin ölkə seçimi nöqteyi-nəzərindən yerli kütləvi informasiya vasitələrində maraq doğurduğunu qeyd edib. O, bəzi Braziliya KİV-lərinin Azərbaycanı “ekzotik Asiya ölkəsi” kimi təsvir etdiyini, bəzilərinin isə Mərkəzi Asiyada yerləşdiyini bildirdiyini vurğulayıb.
Müəllifin sözlərinə görə, əslində Azərbaycan haqqında ilk gözəçarpan məqam ölkənin multikultural xarakteridir. O, Azərbaycanın müxtəlif millətlərin və dinlərin kəsişməsində yerləşən əsrarəngiz ölkə olduğunu qeyd edib. Sonra Azərbaycandakı yəhudi icması haqqında məlumat verən M.Soçaşevski müsəlman ölkəsində yəhudi icmasının əsrlər boyu sülh və əmin-amanlıqda yaşadığını vurğulayıb və Azərbaycanın bu sahədə təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.
M.Soçaşevskinin fikirlərinə əsasən, R.Mayanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı diqqət mərkəzindəki ikinci məsələ Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ağır nəticələr olub. O, Sovet İttifaqının dağılmasından sonra 1992-1994-cü illərdə Azərbaycan və qonşusu Ermənistan arasında baş vermiş müharibə nəticəsində 20 mindən artıq insanın həyatını itirdiyi, 1 milyon insanın qaçqın düşdüyü və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, 7 ətraf rayonunun Ermənistan tərəfindən zəbt edildiyini və beləliklə, Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu vurğulayıb.
Müəllif hər bir azərbaycanlının muğam, mətbəx, xalça kimi mövzularda söhbətləri Ermənistan tərəfindən işğal edilmiş Qarabağ ilə əlaqələndirdiyini qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinin təkcə Azərbaycan diplomatiyasının əsas vəzifəsi olmadığını, eyni zamanda, bütövlükdə Azərbaycan xalqının ən vacib məsələsi olduğunu vurğulayıb.
M.Soçaşevski “Azərbaycanın Braziliyada gündəmə gətirilməsinə” görə Rodriqo Mayaya təşəkkürünü bildirib. Müəllif Azərbaycanın Braziliyadakı səfirliyinin 2012-ci ildən aktiv şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın vacib ölkə olduğunu, güclü neft sənayesinə malik olduğunu və Avrasiyada mühüm rol oynadığını vurğulayıb. M.Soçaşevski Azərbaycanın böyük Avropanın tərkib hissəsi olduğunu, həmçinin ölkənin “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Müəllif 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində Nobel və Rotşild kimi ailələrin Azərbaycana gəldiyini misal gətirib, Azərbaycanın tarixən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu, neft-qaz sahəsində aparıcı ölkə olduğunu bildirib və hazırda Azərbaycanın Cənubi Qafqazda çox vacib rol oynadığını qeyd edib.
Newtimes.az