CƏMİYYƏT


“Gəzən kitabxana III” layihəsinə start verilib

A+ A

Bakı, 10 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərçivəsində Şəmkir rayonunda “Gəzən kitabxana III” adlı layihəyə start verib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 10-da Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısında layihənin açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa marağının artırılması, onların təmənnasız kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir. “Gəzən kitabxana III” layihəsi 2013-cü ildə başlanan layihənin davamıdır. Builki layihə Gəncə və Şəmkirdə 3 ay ərzində fəaliyyət göstərəcək.

ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov isə gənclərin layihəyə böyük maraq göstərdiyini bildirərək deyib ki, “Gəzən kitabxana” zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə Avropanın Gənclər Paytaxtı seçilən Gəncəyə və ölkəmizin gənclər paytaxtı olan Şəmkirə səfər edəcək. Əminik ki, bu şəhərlərdə yaşayan gənclər, tələbələr layihədən geniş şəkildə faydalana biləcəklər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş “Gəzən kitabxana” layihəsi 2013-2014-cü illərdə uğurla reallaşdırılıb, minlərlə oxucu kütləsini əhatə edib.

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min kitab və 10 min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, genişekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.