CƏMİYYƏT
Gigiyenik normaları pozan 22 müəssisənin sahibkarı cərimələnib
Bakı, 25 noyabr, AZƏRTAC
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 22 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Bu barədə AZƏRTAC-a açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, eyni zamanda, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 18 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Onun sözlərinə görə, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 358 yeyinti məhsulundan nümunələr götürülüb, onlardan 11-də normadan kənaraçıxma qeydə alınıb. Mikrobioloji göstəricilərinə görə müayinəyə verilmiş 409 nümunədən 8-də normadan kənara çıxma aşkar olunub. Şadlıq evlərindən isə 899 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 11 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.