CƏMİYYƏT


Gil maskaları dərini təravətləndirir

Bakı, 7 iyun, AZƏRTAC

Dənizin dərin qatlarından çıxarılan boz kosmetik gil nəmləndirici və tonuslandırıcı keyfiyyətə malikdir. Əsasən çox quru dərisi olanlar ondan istifadə edirlər. Dəriyə və orqanizmə dərin detoksiyaedici təsir göstərir.

Tərkibində mineral duzlar və mikroelementlər olan mavi kosmetik gildən adətən yağlı üz dərisi olan xanımlar istifadə edirlər. Mavi gil sızanaq və çivzələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalmasını sürətləndirir, üz dərisinin təmizlənməsi və rənginin yaxşılaşması üçün əvəzsiz vasitə sayılır. Dərini cavanlaşdırır, ona elastiklik və möhkəmlik verdiyi üçün ondan mimik qırışların hamarlanmasında istifadə edilir, mavi gil həm də çil və piqment ləkələrini açır.

Karxanalardan yığılan yaşıl kosmetik gilə tünd-yaşıl rəngi tərkibindəki dəmir oksidi verir. Yaşıl gildən həm maska əsası, həm də maskalara əlavə kimi, həmçinin bürünmə və islatmalar şəklində istifadə edilir. Tərkibində olan mikroelementlər dərinin hidrobalansını bərpa etməyə imkan verir, həmçinin yüksək absorbasiya, yəni sorulma xüsusiyyətinə malikdir. Yaşıl gil dəri kapillyarlarında qan dövranını yaxşılaşdırır və qıcıqlanmanı aradan qaldırır, dərini hamarlayır. Ondan hazırlanan maskalar dəridəki maskalar dəridəki məsamələri yaxşı təmizləyir, yağlı parıltını aradan qaldırır. Ev şəraitində yaşıl gili başqa növ gillə qarışdırmaqla da istifadə etmək olar.

Qara gilin tərkibində stronsium, kvars, dəmir, maqnezium və kalsium var, üz dərisini yaxşı təmizləyir. Zərərli toksinləri və dəri məsamələrində toplanmış çirki xaric etməkdə qara gilin əvəzsiz rolu var. Üzdəki məsamələrin yığılmasına müsbət təsir göstərir. Normal, yağlı və qarışıq üz dərisi üçün istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.