İDMAN
Gimnast qızlarımız Atlantika sahillərindən Vətənə medallarla qayıtdılar VİDEO
Bakı, 7 aprel (AZƏRTAC). Azərbaycan gimnastları Dünya Kubokunun Lissabonda keçirilmiş mərhələsində ikisi qızıl olmaqla dörd medal qazanmışlar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 14 yaşlı bakılı idmançı Jalə Piriyeva Dünya Kuboku çərçivəsində yuniorların turnirində üzərində Portuqaliya bayrağının rəmzi lenti təsvir edilmiş diskə oxşar mükafatlar qazanmışdır. Jalə əvvəlcə halqa ilə necə çıxış etmək lazım olduğunu o qədər virtuoz şəkildə nümayiş etdirmişdir ki, Atlantik okeanın həm şərq, həm də qərb sahillərindən həftə sonunda Portuqaliya paytaxtındakı idman kompleksinə gəlmiş tamaşaçılar gimnastımızın bu bənzərsiz çıxışını böyük maraqla izləmişlər.
Lent ilə hərəkətlərin yekununa görə mükafatlar təqdim edilən anda Azərbaycanın himni ikinci dəfə səslənmişdir. Bu anda həm ikinci medala görə sevinən, həm də öz ölkəsinə görə qürur hiss keçirən Jalə hamıya Bakıdan atəşin salamlar çatdırırdı. Axı, növbəti Avropa çempionatı iki aydan sonra Azərbaycan paytaxtında keçiriləcək.
Marina Durundanın da medal ambisiyaları çox güclü idi. O, dörd mümkün finaldan üçünə vəsiqə almışdı. Bu mərhələdə top ilə hərəkətlər onun üçün ən məhsuldar final oldu və komandamızın aktivinə bir bürünc medal əlavə edildi.
Ölkəmizin qrup komandası da iki finalda çıxış etmişdir. Lakin bu dəfə qızlarımız yalnız dördüncü yerlə kifayətlənməli olmuşlar. Çoxnövçülükdə isə Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva ispaniyalı rəqiblərindən sonra ikinci yeri tutaraq gümüş medallara layiq görülmüşlər.
Azərbaycan gimnastları növbəti dəfə öz məharətlərini İtaliyanın Pesaro idman kompleksində nümayiş etdirəcəklər. Burada aprelin 11-dən 13-dək növbəti Dünya Kuboku və yuniorlar üçün beynəlxalq turnir keçiriləcəkdir.