CƏMİYYƏT
Gimnaziya şagirdləri SOCAR-ın ekoloji layihələri barədə məlumatlandırılıblar
Bakı, 4 may, AZƏRTAC
160 nömrəli Klassik gimnaziya şagirdləri SOCAR-ın ekoloji layihələri barədə məlumatlandırılıblar.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Ekologiya idarəsi SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na və bu il üçün illik iş proqramına uyğun olaraq ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi məqsədilə çoxsaylı təbliğat tədbirləri həyata keçirir. Gənc nəslin ekoloji cəhətdən maarifləndirilməsinə, onlarda ekoloji şüurun formalaşdırılmasına xidmət edən bu tədbirlər ictimaiyyətin ekoloji problemlərə diqqətinin cəlb olunmasında da mühüm vasitə rolunu oynayır.
160 nömrəli Klassik gimnaziya şagirdlərinin Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiyası təşkil olunub. Məktəblilər “Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra onlara “SOCAR-ın Ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilib. Təqdimatda şirkətin həyata keçirdiyi ekoloji layihələr, Ekologiya idarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında ətraflı məlumat verilib. Gəzinti zamanı, məktəblilərə Eko-Parkın yaradılması, parkın istehsalat sahələri və infrastrukturu barədə məlumat verilib, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalar nümayiş etdirilib. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında məlumat məktəblilərdə böyük marağa səbəb olub.