DÜNYA
Girovların terrorçu qadınla dəyişdirilməsi üçün İŞİD-in təklif etdiyi vaxt yaxınlaşır
Tokio, 29 yanvar, AZƏRTAC
İordaniya və Yaponiya hökumətləri İŞİD tərəfindən girov saxlanılan vətəndaşlarının azad olunması üçün mümkün olan bütün tədbirləri görürlər. Hər iki ölkənin rəsmilərinin bildirdiyinə görə, girovların haqqında ölüm hökmü çıxarılmış terrorçu qadınla dəyişdirilməsi üçün İŞİD yaraqlıları tərəfindən təyin edilmiş müddətin başa çatmasına artıq bir neçə saat qalır.
Yanvarın 29-da Yaponiya vaxtı ilə səhər saat 8:30-da internetdə Kenzi Qotonun müraciəti olan yeni audiofayl yerləşdirilib.
İngilis dilində olan müraciətdə bildirilir ki, əgər yanvarın 29-da İraq vaxtı ilə günbatanadək Sacida al-Rişavi Türkiyə sərhədinə gətirilməsə, əsir götürülmüş iordaniyalı pilot dərhal qətlə yetiriləcək.
Yaponiyanın Əmmandakı xüsusi qrupuna rəhbərlik edən xarici işlər nazirinin müavini Yasuhide Nakayama saat 16:00 radələrində jurnalistlərə bildirib ki, hökumət qarşıda duran vəzifə tam icra olunanadək İordaniya tərəfi ilə birlikdə çalışacaq.
İordaniyanın xarici işlər naziri Nasser Yudeh isə deyib ki, hökumət həbsdə olan qadını ancaq bir şərtlə azad edəcək ki, əsirlikdə olan pilota heç bir zərər yetirilməsin. N.Yudeh, həmçinin bəyan edib ki, İŞİD yaraqlıları pilotun sağ olması barədə hələlik heç bir dəlil təqdim etməyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio