ELM VƏ TƏHSİL
Bakı Avropa Liseyində UNESCO tərəfindən keçirilən “Globallab” layihəsi başa çatıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Bakı Avropa Liseyində (BAL) UNESCO tərəfindən keçirilən “Globallab” layihəsi üzrə yekun konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, BAL-ın direktoru Aygün Mikayılova liseyin Azərbaycanda bu layihənin model məktəbi kimi ideyaları həyata keçirən təhsil ocağı olduğunu deyib. Diqqətə çatdırılıb ki, lisey bu statusu 2012-2014-cü illərdə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən keçirilən, 18 ölkənin təhsil ocaqlarının iştirak etdiyi “Gələcək üçün təhsil” layihəsinin qalibi seçilərək qazanıb.
Tədbirə canlı bağlantı vasitəsilə qatılan layihənin müəllifi, BAL-ın elmi rəhbəri Zülfiyyə Veysova layihənin yekunlaşması münasibətilə iştirakçıları təbrik edib. Liseyin müəllim və şagirdlərinin iştirak etdikləri layihələr haqqında məlumat verən Z.Veysova bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu cür beynəlxalq layihələrdə BAL ilə yanaşı, Azərbaycanın digər təhsil ocaqlarının da iştirakı məqsədəuyğundur. Çünki belə layihələrə qatılan şagirdlər gələcəkdə daha fəal olurlar.
BAL-ın əməkdaşı, “UNESCO LFF” və “Globallab” layihələrinin ölkəmizdəki rəhbəri Rəhilə Əliyarzadə qeyd edib ki, Azərbaycanda “Globallab” layihəsinin davamı olaraq BAL tərəfindən “Planetimizin təbii resuslarının qorunub saxlanması” və “Planetimizdə təbiətin qorunma resursu kimi dünya ölkələrinin mədəni-ekoloji ənənələr bankının yaradılması” layihələri hazırlanıb. Həyata keçirilən “Planetimizin təbii resurslarının qorunub saxlanması” layihəsi dörd təbii ünsürə - su, hava, torpaq və oda həsr olunub. Bu layihə planetimizin təbii ehtiyatlarının qorunub saxlanması ilə bağlı problemlərin tədqiqi və bu problemlərə cəmiyyətin diqqətinin cəlb olunması yollarının araşdırılmasına, gənc və yaşlı nəslin ekoloji tərbiyəsinə yönəlib. “Planetimizdə təbiətin qorunma resursu kimi dünya ölkələrinin mədəni-ekoloji ənənələr bankının yaradılması” layihəsinin məqsədi isə Azərbaycan və müxtəlif xalqların mədəni ənənələrinə əsaslanan təbiətin qorunması ideyalarının toplanması, ümumiləşdirilməsi və Yer kürəsində təbiətin qorunmasına çağırış rolunu oynayan yeni mədəni-ekoloji ənənələrin yaradılması və tətbiqidir. Dövrümüz üçün əlverişli, məqbul və konstruktiv olan mədəni-ekoloji ənənələrinin ideyalar bankı kimi saxlanılması, bu əhəmiyyətli məlumatların gələcəkdə istifadəsi insanlarda təbiətin qorumasının yeni yollarının aşkarlanmasına zəmin yaradacaq. Təbiətin qorunması üçün mədəni-ekoloji ənənələrin əhəmiyyətinin təbliği, şagirdlərdə bu problemin önəmliliyinin anlama səviyyəsinin artırılması, elmi-tədqiqat və təşkilatı-kommunikativ bilik və bacarıqların, yaradıcılıq qabiliyyətlərinin inkişafı məsələləri layihənin istiqamətlərindəndir. Multikulturalizm ideyalarına əsaslanan bu layihələr şagirdlərdə ekoloji şüur və müasir tələblərə uyğun bacarıqların formalaşdırılması məqsədlərinə xidmət edir.
Diqqətə çatdırılıb ki, layihələrin həyata keçirilməsi üçün 2015-ci ildən etibarən Bakının 11 məktəbi, Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyası və MDB ölkələrindən olan üç tərəfdaş təhsil ocağı cəlb edilib. “Globallab” və BAL tərəfindən yaradılan, “Globallab – Azərbaycan” adlanan virtual platformada 15 qrup təşkil olunub və 638 iştirakçı qeydə alınıb. Layihədə iştirak üçün qeydiyyatdan keçən məktəb direktoru, lider, müəllim və şagirdlərə fərdi lisenziya təqdim olunub. Hər mərhələnin yekununda iştirakçılar tədqiqat işlərini platformada yerləşdiriblər, nəticədə 270 iş nümayiş etdirilib. Əldə edilmiş nailiyyətlər konfranslarda müzakirə olunub.
Layihələrin müəllifi və əlaqələndiricisi Humar Əhmədbəyli və digər çıxış edənlər BAL-ın qatıldığı layihələrin əhəmiyyətini vurğulayıb, bu cür təşəbbüslər məktəblilərin həm də faydalı vətəndaş kimi formalaşmasına xidmət etdiyini bildiriblər.