İQTİSADİYYAT


“Gök-NUR Bakı” məhsullarını Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstana ixrac edir

Bakı, 20 aprel, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri daxili tələbatı yerli istehsal hesabına ödəmək və ixrac potensialını artırmaqdan ibarətdir. Aprelin 17-də Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələlərə ətraflı toxunuldu. Sahibkarlar qarşısında çıxış edən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadi potensialını şaxələndirə bilib.

 Qarşıda duran əsas hədəf: ixracda da şaxələndirməyə nail olmalıyıq

Hazırda qeyri-neft sektoru iqtisadiyyatımızın təxminən 65 faizini təşkil edir. Lakin ixracatda hələlik istənilən yerə çatmamışıq. Prezident İlham Əliyev deyib: “İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.

Son illərdə ölkənin kompleks, davamlı və dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafına stimul yaradıb. Neft gəlirlərinin axını ilə əlaqədar iqtisadiyyatın şaxələndirilməsi başlıca hədəf kimi seçilib, ayrı-ayrı sahələrin modernizasiya prosesləri intensivləşdirilib və ölkənin xarici ticarət siyasəti təkmilləşdirilib. Hazırda dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığını artırmaqdır.

 “Gök-NUR Bakı” ildə 6 min ton alüminium, 18 min ton mis kabellər istehsal edir

“Gök-NUR Bakı” MMC-nin də ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində, qeyri-neft sektorunun formalaşdırılmasında, xüsusən ixracyönümlü məhsulların istehsalında öz payı var. MMC-nin müdiri Fərid Fərhadzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, əsas hədəflərindən biri yeni texnika və mütərəqqi texnologiya əsasında modernləşdirilmiş və beynəlxalq standartlara uyğun yüksək rəqabətqabiliyyətli məhsul istehsal etmək potensialı olan müəssisənin yaradılmasıdır. Bu məqsədlə Xəzər rayonunun Zirə qəsəbəsində 2003-cü ildə “Gök-NUR Bakı” kabel şirkətini təsis olunub. Bu gün müəssisə uğurla fəaliyyət göstərir. Burada enerji, təsisat, alçaq və orta gərginlik kabelləri, alova dözümlü yanmaz kabellər, hava elektrik verilişi xətləri üçün naqillər, neft və qaz sənayesinə istiqamətli kabellər və sair məhsullar istehsal edilir. Müasir avadanlıqlarla təsis edilmiş istehsal sahəsi 20 min kvadratmetri əhatə edir. Hazırda müəssisədə 350 nəfər çalışır.

 Müəssisə son illər 21 milyon 639 min ABŞ dolları miqdarında məhsul ixrac edib

Müəssisədəki bütün mәhsulların dünya standartlarına uyğun istehsal olunduğunu vurğulayan Fərid Fərhadzadə deyib: “Gök-NUR Bakı” şirkəti yüksək keyfiyyət səviyyəsinə və təhlükəsizlik göstəricilərinə görə “İSO 9001-2008” və “OHSAS 18001-2007” sertifikatlarını əldə edib. İxracat ən prioritet məqsədlərimizdən biri olduğuna görə bu sahədə nailiyyətimiz məhsulumuzun Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstan respublikalarına ixrac edilməsidir. Şirkətimizin son illərdə ixrac etdiyi məhsulun dəyəri 21 milyon 639 min ABŞ dolları miqdarında ölçülür. Hədəfimiz bu rəqəmi növbəti illərdə daha da artırmaqdır”.

 Birləşmiş Ərəb Əmirlikləri, Orta Şərq və Afrika şirkətləri müəssisənin məhsullarına maraq göstərir

MMC 2016-cı ildən etibarən xaricdə keçirilən bütün energetika və inşaat sərgilərində fəal iştirak edir, məhsulları “Made in Azerbaijan” brendi altında təqdim olunur. Qazaxıstanın Almatı, Gürcüstanın Tbilisi, Albaniyanın Tirana şəhərlərində şirkətin rəsmi nümayəndəlikləri açılıb, məhsulları artıq Gürcüstan və Qazaxıstana ixrac olunur. “Gök-NUR Bakı” Azərbaycanda ilk şirkətdir ki, məhsulları Kema və “VDE” Beynəlxalq standart sertifikatlarına layiq görülüb. Məhz bu sertifikatlar əsasında məhsulların nəinki MDB və yaxın Şərq ölkələrinə, hətta Avropa ölkələrinə ixrac etmək imkanı yaranıb. Bu məqsədlə şirkət 2017-ci ilin fevralında Orta Şərq Enerji Sərgisində də iştirak edib. Həmin sərgidə Birləşmiş Ərəb Əmirlikləri, Orta Şərq və bir çox Afrika şirkətləri müəssisənin məhsullarına yaxından maraq göstərib. Nəticə etibarilə artıq Küveyt şirkətlərindən biri ilə memorandum imzalanıb və hazırda digər şirkətlərlə də danışıqlar aparılır.

 Fərid Fərhadzadə: “Gök-NUR Bakı” ixracatı davamlı olaraq artırmağa çalışır

“Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, biz də digər sahibkarlar kimi yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırıq. Bu uğurlu sənaye siyasəti Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Dövlət proqramlarında prioritet sahələrdən biri olaraq müəyyən edilib və həmin proqramlarda sənayenin inkişafını təmin edən bir sıra dövlət dəstəyi mexanizmləri nəzərdə tutulub. Buna misal olaraq, bu ilin fevralından sənaye üsulu ilə saflaşdırılmayan mis məmulatlarının ölkədən ixracına yeni rüsumların tətbiqi xammal bazasının genişlənməsinə şərait yaradıb. Bununla yanaşı, ixracın dəstəklənməsi mexanizmlərinin, o cümlədən geriödəmə mexanizminin uğurla tətbiqi sahibkarlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Respublikamızda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində müəssisəmiz daha da inkişaf edir və günbəgün ixracatını artırır”, - deyə Fərid Fərhadzadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.