İQTİSADİYYAT
“GoldenPay” yeni onlayn ödəniş xidmətini istifadəyə verib
Bakı, 22 sentyabr, AZƏRTAC
“GoldenPay” yeni onlayn ödəniş xidmətini - “GoldenAgent”i istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “GoldenAgent” məhsulu internet üzərindən 100-dən çox xidmət üçün ödənişlər edərək gəlir əldə etmək üçün hazırlanıb. Belə ki, artıq internetin olduğu istənilən cihazla “GoldenAgent” üzərindən ödənişləri edərkən real qazanc əldə etmək mümkün olacaq.
“GoldenAgent”in əsas üstünlüyü nağdsız ödənişləri stimullaşdırmaq, bölgələrdə problemə çevrilmiş ödəmə proseslərini sadələşdirmək, həmçinin xidmət sektorunda çalışan vətəndaşların gəlirlərində müsbət dəyişiklik etməkdir.
Bu sistemə qoşulmaq üçün xüsusi proqram tələb olunmur. Heç bir hüquqi sənədləşmə və ödəniş olmadan, tək şəxsiyyət vəsiqəsi ilə, internetin olduğu istənilən yerdə və vaxtda qoşulmaq mümkündür. “GoldenAgent” istifadəçilərin ödəniş məlumatlarının təhlükəsizliyini də düşünür. Ödənişlərin təhlükəsizliyini təmin etmək məqsədilə dünyada məlumatların şifrələnməsi üzrə lider olan GeoTrust TLS/SSL Encryption tətbiq edilir. Bu təhlükəsizlik sistemləri istifadəçilərin məlumatlarını şifrələyərək onları kənar müdaxilələrdən qoruyur. “GoldenPay” təqdim etdiyi bütün məhsullar üçün 100 faiz ödəmə təhlükəsizliyinə zəmanət verir.
“GoldenAgent” məhsulundan istifadə üçün aylıq ödəniş 1 AZN-dir. Lakin, aylıq dövriyyəsi kredit ödəmələri istisna olmaqla 1000 AZN təşkil edən istifadəçi növbəti ay üçün xidmət haqqı ödəməyəcək.
İstifadəçilər edəcəkləri ödənişlər müqabilində xüsusi bonuslar qazanacaq. Komissiyasız ediləcək ödənişlərə görə qazandıqları bonusları istənilən zaman elektron pul vəsaiti kimi xidmətlərin ödənişi zamanı istifadə edə biləcəklər. Ödənişlər üçün təqdim olunan faizlər veb-səhifədə qeyd olunub. Balansa yüklənən bonus məbləğ nağdlaşdırılmadan sadəcə istifadəçi tərəfindən kommunal və sistemdə qeyd olunan digər ödəmələr aparılması zamanı istifadə edilə biləcək.
“GoldenAgent” kampaniyası çərçivəsində ilk ay ərzində hər qazanılacaq 100 AZN həcmində bonusa, əlavə 100 AZN bonus əldə olunacaq. Əlavə olaraq qeydiyyatdan keçmiş istifadəçilərə xüsusi kod (referal) veriləcək.
Yeni sistemin üstünlüklərindən biri də peşəkar müştəri xidmətlərinin mövcudluğudur.
Bu xidmətlə maraqlananlar *0713 telefonu vasitəsilə, və ya [email protected] ünvanına müraciət edə bilərlər.