İDMAN
“Golden State Warriors” komandası ABŞ milli basketbol çempionatının qalibi olub
Bakı, 13 iyun, AZƏRTAC
ABŞ milli basketbol çempionatının final seriyasındakı beşinci matçda “Cleveland Cavaliers” üzərində 129-120 hesabı ilə qələbə qazanan “Golden State Warriors” komandası çempion olub.
AZƏRTAC Milli Basketbol Assosiasiyasının (NBA) saytına istinadla xəbər verir ki, “Golden State Warriors” final seriyasında ümumi hesabda 4-1 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu olan Lebron Ceyms aktivinə 41 xal, 13 ribaund və 8 assist yazsa da, bu onun komandasına çempion olmaq üçün kifayət etməyib.
Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Kevin Durant olub. Onun həlledici qarşılaşmadakı nəticəsi 37 xal, 7 ribaund və 5 assist təşkil edib. K.Durant NBA final seriyasında orta hesabla 35,2 xal, 8 ribaund və 5,4 assistlik nəticə ilə ən yaxşı oyunçu mükafatına layiq görülüb.
Xatırladaq ki, bu, “Golden State Warriors”in son üç ildə ikinci çempionluğudur.