CƏMİYYƏT
Gömrük Akademiyası “Rentgen (X-Ray) sistemi” üzrə təlim təşkil edir
Bakı, 3 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ölkəmizdə ilk dəfə “HI-SCAN Hitrax II baxış-rentgen sistemlərinin istifadəsi” üzrə təlim təşkil edir.
Dövlət Gömrük Komitəsinin Akademiyasından AZƏRTAC-a bildirilib ki, oktyabrın 10-15-də Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində keçiriləcək ödənişli təlimin əsas məqsədi, beynəlxalq təcrübədə geniş istifadə olunan baxış-rentgen sistemlərinin istifadəsi üzrə ölkəmizdə peşəkar mütəxəssislər hazırlamaq, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud operatorlarının bilik və bacarıqlarını daha da artırmaqdır.
Müasir metodlara uyğun olaraq kiçik qruplarla (maksimum 6-8 nəfər), auditoriya daxili eləcə də auditoriyadan kənar keçiriləcək təlimlərdə “SMITH HEIMANN” şirkətinin beynəlxalq dərəcəli təlimçiləri təlim iştirakçılarını baxış-rentgen texnikasının əsas xüsusiyyətləri, iş prinsipləri və onlardan istifadə qaydaları ilə tanış edəcəklər.
Akademiya müvafiq sahədə ali təhsilə malik (texniki ixtisaslara üstünlük veriləcək), kompüter bacarıqları ən azı istifadəçi səviyyəsində olan, ingilis və ya rus dilini orta səviyyədə bilənləri təlimdə iştirak etməyə dəvət edir.
Məlumat verilib ki, təlimdə iştirak etmək istəyən şəxslər öz CV-lərini [email protected] e–poçt ünvanına oktyabrın 7-nə qədər göndərə bilərlər. Təlim iştirakçıları şifahi müsahibə nəticəsində seçiləcək.
Qeyd edək ki, təlimin sonunda kursu uğurla bitirən iştirakçılar “SMITH DETECTION” şirkətinin sertifikatı ilə təltif olunacaqlar.