ELM VƏ TƏHSİL
Gömrük Akademiyasında beynəlxalq ticarət münasibətlərində iqtisadi-hüquqi aspektlər müzakirə olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Beynəlxalq ticarət münasibətlərində iqtisadi-hüquqi aspektlərin öyrənilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Akademiyanın müəllim və tələbələri ilə yanaşı, ölkənin digər elm ocaqlarından da alimlər iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Akademiyanın fəaliyyət göstərdiyi 2 il ərzində müxtəlif sahələrdə uğurlar əldə etdiyini və bu konfransın da ölkənin elmi həyatına öz töhfəsini əsirgəməyəcəyinə əminliyini bildirib.
Ş.Bağırov hazırda dünyada gedən iqtisadi proseslər, bu proseslərdə gömrük orqanlarının rolu və gömrük orqanlarının işinin təşkilinə elmi yanaşmalardan bəhs edərək konfransı bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.
Daha sonra konfransda “Dünya Gömrük Təşkilatının rəhbər sənədlərinin təhlili və mal göndərişləri üzrə gömrük administrasiyalarının qarşılıqlı fəaliyyətinin müvafiq idarəetmə sisteminin struktur seçilməsi”, “İqtisadi qloballaşma və beynəlxalq ticarət”, “Azərbaycan Respublikası iqtisadi inkişafının Konstitusiya əsasları”, “Qloballaşma şəraitində beynəlxalq ticarətin yerli istehlak bazarına təsiri”, “Elektron gömrük konsepsiyasında süni-neyron şəbəkələr nəzəriyyəsinin tətbiqi” və digər mövzularda akademiyanın müəllim, müdavim və tələbələri məruzələrlə çıxış ediblər.