CƏMİYYƏT
Gömrük Komitəsi ilə Sanitar-Karantin Müfəttişliyi arasında elektron Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb
Bakı, 11 avqust, AZƏRTAC
Respublika Sanitariya-Karantin Müfəttişliyi ölkəmizə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi və Taun Əleyhinə Stansiya ilə vaxtaşırı əlaqələr yaradır, zəruri tədbirlər həyata keçirir.
AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müfəttişlik yoluxucu xəstəliklərin ölkə ərazisinə gətirilən istehlak malları vasitəsilə yayılmasının qarşısının alınması üçün Dövlət Gömrük Komitəsinə metodiki yardımlar və sorğulara uyğun müvafiq məsləhətlər verilib.
Ölkəmizlə həmsərhəd olan dövlətlərdə Krım – Konqo hemorragik qızdırma xəstəliyi ilə əlaqədar epidemioloji vəziyyət gərginləşdiyinə görə həmin xəstəliyə qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin əmrinə əsasən Gömrük Komitəsinə xəstəliyin törədicisi, klinikası, epidemiologiyası, müayinəsi və profilaktikası barədə məlumat göndərilib.
İdxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Müraciətlər əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılandan sonra laborator müayinələr üçün götürülən nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir və nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və satışına icazə verilir. Qeydiyyata alınan məhsullar Gömrük Komitəsi ilə Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə yerləşdirilir. Bunun nəticəsində gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə dərhal məlumat olur.