İQTİSADİYYAT


Gömrük Komitəsinin rəhbərliyi 2016-cı ilin yekunlarını təhlil edib

A+ A

Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC

Yanvarın 19-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi “2016-cı ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, komitə sədrinin müavinləri və idarə rəisləri iştirak edib.

Aydın Əliyev son illər dünyada baş verən iqtisadi böhranın ticarət dövriyyəsinə təsiri və Azərbaycan iqtisadiyyatının mənfi amillərdən qorunması istiqamətində atılan addımlardan bəhs edib.

Bildirilib ki, idxalın nəzərə çarpacaq səviyyədə azalmasına baxmayaraq, maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması, biznes nümayəndələri ilə işgüzar əlaqələrin qurulması hesabına ötən il Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib.

Hüquqpozmalarla mübarizə sahəsində atılan səmərəli addımlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, valyuta, tütün məmulatı qaçaqmalçılığı və digər sahələrdə mühüm nailiyyətlər əldə olunub.

Gömrük orqanı əməkdaşlarının potensialının gücləndirilməsi, maddi-texniki bazanın günün tələbləri səviyyəsində qurulmasının əldə olunan nailiyyətlərdə mühüm rol oynadığını qeyd edən komitə sədri vurğulayıb ki, artıq Azərbaycan gömrükçüləri texniki vasitələrdən istifadə, risk analizi, sərhədkeçmə proseslərinin araşdırılması və digər sahələrdə təlimçi kimi müxtəlif ölkələrdə keçirilən konfranslarda, təlim proqramlarında iştirak edir, bir sıra region ölkələrinə Azərbaycan gömrüyünün fəaliyyəti nümunə kimi tövsiyə olunur.

Aydın Əliyev 2016-cı ildə gömrük rəsmiləşdirilməsi, sərnişinlərin, malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi, “Yaşıl dəhliz” buraxılış sistemi və “elektron bəyannamə”lərin tətbiqindən də bəhs edib, aparılan islahatların ticarət dövriyyəsinə və biznes mühitinin inkişafına təsiri barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.